FESTİVAL HAQQINDA
FESTİVAL HAQQINDA
Milli Olimpiya Komitəsinin təsis etdiyi
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev sağlam gənc nəsli tərbiyə etmək və idmanın populyarlaşdırılması siyasətini həyata keçirmək üçün misli görünməmiş fədakarlıq göstərib. Məhz həmin vaxtdan Azərbaycan idmanı zirvələrə yüksəlməyə, dünya pyedestallarını fəth etməyə başlayıb.
Müasir günümüzdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu istiqamətdə fəaliyyətini müvəffəqiyyətlə davam etdirməkdədir. Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı xüsusi diqqətin nəticəsidir ki, Azərbaycan dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanmışdır.
Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda və olimpiya oyunlarında imza atdığı qürurverici uğurlar cənab İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.
İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək və bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir.
Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, ölkənin müxtəlif regionlarında olimpiya idman-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Azərbaycanda dünya səviyyəli idman yarışlarının keçirilməsi cənab prezidentin bu siyasətinin uğurlu nəticələrindən biridir.
Yuxarıda şərh edilənləri nəzərə alaraq, Milli Olimpiya Komitəsinin 2022ci ildə təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı, prezidentimiz İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün Azərbaycanda idmanı ümumxalq hərəkatına çevirmək siyasətinin məntiqi davamıdır.
Festivalın məqsədi
– Müxtəlif idman və ekstremal idman növlərin populyarlaşdırılması;
– Sağlam həyat tərzinin təbliğatı;
– Uşaqların, yeniyetmələrin və gənclərin idman bölmələrinə və olimpiya hərəkatına cəlb edilməsi;
– Zəhmət çəkməyə və müdafiəyə hazır şəxsiyyət, vətəndaş formalaşdırmaq;
– Gənclərə vətənpərvərlik hisslərini aşılamaq;
– Sağlam həyat tərzi ideologiyası əsasında gənclərin idman hərəkatına cəlb edilməsinin aktivləşdirilməsi;
– Televiziya və kino vasitəsilə idman qəhrəmanları haqqında maarifləndirmə;
– Son iki ildə yaradılmış ən yaxşı yerli idman filmlərinin və proqramların müəyyən edilməsi və mükafatlandırılması;
– Mədəni maarifləndirmə və müəlliflər arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi;
– Olimpiya hərəkatı prinsiplərini təbliğ etmək;
– Vətəndaşları gözəlliyə cəlb etmək;
Festivalda iştirak şərtləri
Festivalda dövlət, müstəqil televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-ci illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş filmlər, proqramlar, reklam və promo çarxları iştirak edə bilər.
Festivala təqdim olunan filmlər, proqramlar, reklam və promo çarxları 31 yanvar 2024-cü il tarixinə qədər festivalın təşkilati komitəsinə təqdim edilməlidir.
Təqdim olunan filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər festivalın təşkilati komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim olunmalı və ya wetransfer.com saytı vasitəsilə festivalın rəsmi elektron poçt qutusuna göndərilməlidir.
Festivala iştirak üçün göndərilən hər bir film, proqram, reklam çarxları və musiqili klip haqqında qısa annotasiya (məzmun) və yaradıcı heyət (rejissor, ssenari müəllifi, operator, bəstəkar) haqqında məlumat təqdim olmalıdır. İştirakçı olmağa nəmizədlər hər nominasiya üzrə maksimum 2 iş (video) təqdim edə bilər.
Yuxarıda qeyd olunmuş məlumat düzgün formada təqdim olunmadığı halda festivala təqdim olunmuş film, proqram, reklam çarxları və musiqili kliplər qəbul olunmayacaq.
Festivalın nominasiyaları:
- “Həyat naminə – İdman ” – idman haqqında proqramlar və idman yarışların nümayişi;
- “Uşaqlar – Bizim həqiqətimiz və gələcəyimizdir” – uşaq və yeniyetmə idmanın inkişafına həsr olunmuş filmlər və proqramlar;
- İdmanı və idmançıları təbliq edən reklam çarxları.
- “Güclü İradəli” – idman və idmançılara həsr olunmuş sənədli və bədii filmlər.
- “Zərif gəhrəman” – qadın idmançılar haqqında proqramlar.
Bu şərtlərə cavab verməyən filmlər başqa nominasiyalarda iştirak edəcəklər.
Festivalın münsiflər heyəti
– Münsiflər heyəti, tanınmış idman və televiziya xadimləri arasından seçilir.
– Münsiflər heyəti, nominasiyalar üzrə ən yaxşı 3 namizəd işləri seçir.
– Eyni zamanda, Festivalın internet saytında tamaşaçı səsverməsi aparılır, onun nəticələri də nəzərə alınır.
– Festivalın hər nominasiya üzrə 1 qalibi münsiflər heyəti müəyyənləşdirir.
– Təntənəli mərasimdə festival qaliblərin elan edilməsi və mükafatların təqdimatı keçirilir.
– Festivalın yekunlarına görə iştirakçılara və laureatlara diplomlar təqdim olunur.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və proqramları televiziya müsabiqəsidir.