Olimpnews – İkinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı münsiflər heyətinin iclası keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi ikinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı münsiflər heyətinin iclası keçirilib. 
Festivalın informasiya tərəfdaşlarından biri olan “Olimpiya dünyası” qəzetinin redaksiyasında keçirilən iclasda Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu, Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, festivalın münsiflər heyətinin sədri Zemfira Meftaxetdinova, festivalın baş prodüseri Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov, festivalın münsiflər heyətinin üzvləri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Kino Məktəbinin müdiri, rejissor, prodüser Oleq Səfərəliyev, “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov iştirak edib. 


İclasda festivalın münsiflər heyətinin sədri Zemfira Meftaxetdinova münsiflər heyətinin qiymətləndirməsi üçün daxil olan  layihələrin sayını açıqlayıb. O, qeyd edib ki, festivala 54 layihə təqdim olunub. Layihələr 5 nominasiya üzrə bölünüb.  Onlardan 8-i “Həyat naminə – İdman”,  9-u “Zərif qəhrəman”, 13-ü “Güclü, iradəli”, 12-si “Gələcək qaliblər”, 12-si isə “Reklam və promo çarxlar” nominasiyaları üzrədir.


İclas zamanı münsiflər heyəti səsverməsinin keçirilmə qaydasını da müzakirə edib. Qərara alınıb ki, fevralın 16-da münsiflər heyəti hər nominasiya üzrə 3 namizəd seçəcək və qaliblər də həmin namizədlər arasından müəyyənləşəcək. 
Zemfira Meftaxetdinova həmçinin qeyd edib ki, “Zərif qəhrəman” nominasiyasının yeni olmasına baxmayaraq, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın münsiflər heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov “Gələcək qaliblər” nominasiyasına uşaq və yeniyetmə idmançılara həsr olunmuş 12 layihənin təqdim olunmasını müsbət hal kimi dəyərləndirib. “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov isə Milli Olimpiya Komitəsinin təsis etdiyi festivala yaradıcı kollektivlərin və fərdi müəlliflərin böyük marağı olduğunu mühüm amil kimi qiymətləndirib. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev bildirib ki, festivala təqdim olunan film və proqramların keyfiyyətinə xüsusi diqqət yetirilib və peşəkar yanaşma hiss olunur.
İclasda xüsusi vurğulanıb ki, festivalın mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kino Agentliyinin təşkilatı dəstəyi ilə həyata keçiriləcək. İclas iştirakçıları  Milli Olimpiya Komitəsinin rəhbərliyinə,  festivalın tərəfdaşı olan “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərova, Azərbaycan Kinematoqrafçılar ittifaqın sədri, xalq artisti Rasim Balayevə, Azərbaycan Kino Agentliyinin rəhbəri Orxan Fikrətoğluna və festivalın informasiya tərəfdaşlarına minnətdarlıqlarını bildiriblər.


Məlumat üçün bildirək ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının tərəfdaşları “Cüdo Klub 2012” İctimai Birliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kino Agentliyidir, informasiya tərəfdaşları isə “AZTV”, ”MİR”, “İdman TV”, CBC Sport, ARB, İTV və Space televiziya kanalları, “Olimpiya dünyası” qəzeti, “olympic.az”, “olimpnews.az” “Trend”, “milli.az”, “day.az”, “azernews.az”, “idmanvəbiz”, “turkicworld” portalları və “Sportsman” jurnalıdır.